Dəhşətli qatar qəzasında 13 nəfər öldü, 98 nəfər yaralandı
29-12-2025, 17:44
Meksikanın Nizanda şəhərində sərnişin qatarının relsdən çıxması nəticəsində faciəli qəza baş verib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, 241 sərnişin və 9 heyət üzvünü daşıyan qatarın qəzası nəticəsində 13 nəfər həlak olub, 98 nəfər isə yaralanıb.
Hadisə baş verən kimi axtarış-xilasetmə əməliyyatları həyata keçirilib. Tədbirlərə 360 dəniz piyadası, 20 nəqliyyat vasitəsi, 4 quru təcili yardım maşını, 3 hava təcili yardım maşını və bir pilotsuz uçuş aparatı cəlb olunub.
Hadisə ilə bağlı Meksika Prezidenti Klaudiya Şeynbaum isə sosial mediada kədərini ifadə edərək, Hərbi Dəniz Qüvvələri nazirinə və Daxili İşlər Nazirliyinin İnsan Hüquqları üzrə müşavirinə hadisə yerinə getməyi və ailələrə yaxından dəstək verməyi tapşırıb.