Kiyevdə mərkəzində supermarketə silahlı hücum

Bu gün, 11:58           
Kiyevdə mərkəzində supermarketə silahlı hücum
Ukraynanın paytaxtı Kiyevin Qolosiyevski rayonunda baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

XALQ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

Ukraynanın daxili işlər naziri İqor Klimenkonun “Telegram”da yaydığı məlumata görə, hücum edən şəxs Qolosiyevski rayonunda yerləşən supermarketdə gizlənib və xüsusi təyinatlı dəstə tərəfindən keçirilən əməliyyat zamanı zərərsizləşdirilib.

Nazir bildirib ki, hüquq-mühafizə orqanları əvvəlcə hadisəni törədən şəxslə danışıqlar aparmağa çalışıb, lakin o, girov götürdüyü şəxsləri buraxmayıb və saxlanılarkən polis əməkdaşına atəş açıb. Bundan sonra mağazaya hücum təşkil olunub.

Kiyev meri Vitali Kliçkonun məlumatına görə isə, hadisə nəticəsində azı 10 nəfər xəstəxanaya yerləşdirilib. Yaralılar arasında bir uşağın da olduğu qeyd edilir.

“Unian” yazır ki, silahlı şəxs əvvəlcə Kiyevin Demeevka ərazisində küçədə insanlara atəş açıb.

Daha sonra o, supermarketə daxil olub. Polis əməkdaşları onu təslim olmağa çağırsa da, bu cəhdlər nəticəsiz qalıb. Yerli mənbələr hücumdan əvvəl şəxsin yaşadığı mənzili yandırdığını da qeyd edir.

Mediada yayılan məlumatlara görə, hücum edən şəxs 58 yaşlı Moskva əsilli Dmitri Vasilyeviç Vasılçenkovdur. Qeyd olunur ki, o, əvvəlcə Donetsk vilayətinin Baxmut şəhərində yaşayıb, daha sonra isə Kiyevin Qolosiyevski rayonuna köçüb.

Hadisə ilə bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru