Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb

Dünən, 11:34           
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
Günəşdə böyük bir aktiv sahənin formalaşdığı müşahidə olunur. Ərazi böyüməyə davam edərsə, yaxın 24 saat ərzində yüksək dərəcəli X sinifli günəş partlayışı baş verə bilər.

Oxu.Az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən gün səhər Günəşin demək olar ki, ləkələrin müşahidə olunmadığı şimal-şərq hissəsində yeni və iri aktiv bölgə sürətlə formalaşmağa başlayıb. Bu proses fonunda Günəşin rentgen şüalanması səhər saatlarından etibarən təxminən 500 faiz artıb və hazırda M sinfi səviyyəsinə yaxınlaşır.

Qeyd olunub ki, güclü alovlanmalar gözlənilir. Əgər günəş ləkələri qrupu eyni sürətlə böyüməyə davam edərsə, ilk X sinifli alovlanmalar növbəti 24 saat ərzində qeydə alına bilər.

Xatırladılıb ki, Günəş partlayışları rentgen şüalanmasının intensivliyinə görə beş sinfə bölünür: A, B, C, M və X. Minimum sinif olan A0.0 Yer orbitində hər kvadratmetrə 10 nanovat rentgen şüalanmasına uyğundur. Sinif yüksəldikcə partlayışın gücü on dəfə artır.

Bu cür partlayışlar günəş plazmasının kosmosa püskürməsi ilə müşayiət oluna bilər. Plazma buludları Yerə çatdığı təqdirdə isə güclü maqnit fırtınalarına səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]