"Apple"ın ilk günlərindən qalan 500 dollarlıq çek milyonlarla dollara satıldı
4-02-2026, 15:24

“Apple”ın rəsmi quruluşundan 16 gün əvvəl tərtib edilən və Stiv Cobsla Stiv Voznyakın imzalarını daşıyan ilk çek texnologiya tarixinə şahidlik edən əşyaların bu gün necə astronomik dəyərlərə çatdığını bir daha göstərib.
Valyuta.az xəbər verir ki, texnologiya dünyasının nəhəngi “Apple” 50 illiyini qeyd etməyə hazırlaşarkən, şirkətin keçmişinə aid nadir əşyalar kolleksiyaçılar üçün əvəzsiz xəzinəyə çevrilməkdə davam edir. Kupertino mərkəzli şirkətin ilk illərinə aid parçalar son hərracda böyük maraqla qarşılanıb.
“RR Auction” tərəfindən təşkil olunan hərracda “Apple”ın arxivlərindən çıxan xatirə əşyaları ümumilikdə 8,1 milyon dollar dəyərində satılıb. Kolleksiyanın ən diqqətçəkən hissəsi isə “Apple” hələ rəsmi şirkət kimi belə qurulmamışdan əvvəl imzalanmış ilk bank çeki olub.
16 mart 1976-cı il tarixli bu 500 dollarlıq çek “Apple”ın rəsmi quruluşundan düz 16 gün əvvələ aiddir. Hovard Kantin adına tərtib olunan çekin əsas dəyəri isə onun üzərində hər iki qurucunun – Stiv Cobs və Stiv Voznyakın imzalarının yer almasıdır. “Apple” azarkeşləri Cobsun imzalı sənədlərinin minlərlə dollara satılmasına alışıq olsa da, iki qurucunun imzasını bir araya gətirən bu tarixi sənəd əsl dönüş nöqtəsi hesab olunur. Həmin dövrdə ikili “Apple-1” prototipini reallaşdırmaq üçün Cobsun “Volkswagen” markalı mikroavtobusunu və Voznyakın sevimli “HP-65” hesablayıcısını sataraq ilkin kapital toplamışdı.
Hərracda rekord qıran yeganə əşya çek olmayıb. “Apple-1” kompüterinin dizaynını yoxlamaq üçün istifadə edilən ilk yaşıl fiberglas prototip – “Celebration Apple-1” (“Board Zero”) adlı ana plata 2,75 milyon dollara alıcı tapıb. “Apple” tarixçisi Kori Koenin araşdırmalarına görə, bu plata seriya istehsalı modellərdən fərqli olaraq birbaşa Stiv Cobs tərəfindən edilən əl lehimləri və manual düzəlişləri özündə ehtiva edir. Həmin vaxt Voznyak “HP” şirkətində tam ştatla çalışdığı üçün bu çətin sınaq və inkişaf prosesinin böyük hissəsini Cobs təkbaşına həyata keçirib. Bu elektron lövhə şirkətin bugünkü nəhəng strukturunun əsasını qoyan, texnologiya tarixinin ən önəmli fiziki sübutlarından biri sayılır.
Satışlar təkcə avadanlıqlarla məhdudlaşmayıb. “Apple”ın tarixini sənədləşdirən maliyyə sənədləri də böyük maraq doğurub. Şirkətin ilk çekinə aid bank çıxarışı 828 min dollardan artıq məbləğə satılıb. Hərracda Stiv Cobsun şəxsi əşyaları da yer alıb – otaq dəsti, kəpənək qalstukları və hətta vizit kartları minlərlə dollara əl dəyişdirib. Xüsusilə Cobsun özünə məxsus 1977-ci il tarixli “Apple” posteri 659 min dollara satılaraq gecənin sürprizlərindən biri olub.
Keçmişdə də açılmamış orijinal “iPhone”ların və quruluş sənədlərinin milyonlarla dollara satıldığı müşahidə olunmuşdu. Bu son hərrac isə “Apple” mirasına olan marağın hər keçən gün daha güclü bir ehtirasa çevrildiyini bir daha sübut edib.

