HR ekspert: Süni intellekt başlanğıc səviyyəli mütəxəssislərin işini dəyişəcək
Bu gün, 16:34

Süni intellektin (Al) aktiv tətbiqi artıq peşəyə giriş strukturunu dəyişdirir. Eyni zamanda, ənənəvi olaraq giriş səviyyəli mütəxəssislər tərəfindən yerinə yetirilən bəzi gündəlik işlər tədricən avtomatlaşdırılır. Bu dəyişikliklər karyera modelinin yenidən qurulmasına gətirib çıxarır.
Valyuta.az xəbər verir ki, bunu HR direktoru Valentina Romanova "İzvestiya" qəzetinə bildirib.
Romanova qeyd edib ki, hazırda Al ilkin məlumat analizi, sadə mətnlərin hazırlanması, informasiyanın yoxlanılması və cədvəllərlə iş kimi bazis əməliyyatları getdikcə daha çox yerinə yetirir:
"Biz deyəndə ki, Al sadə işi görməyə başlayır, bu, peşələrin yox olması demək deyil, başlanğıc rolun mahiyyətinin dəyişməsi deməkdir. Juniorlar və yeni məzunlar əvvəllər əl ilə gördükləri rutin işlərə vaxt sərf etməyəcəklər. Onların işi artıq daha yüksək səviyyədən başlayacaq — alətləri idarə etmək, tapşırıqları düzgün qoymaq və daha düşünülmüş intellektual fəaliyyətlə məşğul olmaqdan".
Onun sözlərinə görə, ən ciddi dəyişikliklər marketinq, analitika, maliyyə, sənəd dövriyyəsi və rekrutinq sahələrində müşahidə olunur. Bu sahələrdə ilkin əməliyyatların böyük hissəsi artıq avtomatlaşdırılır və mütəxəssislər daha çox analiz, məlumatların yoxlanılması və qərarvermə kimi funksiyalara yönəlir.
Romanova əlavə edib ki, bu dəyişikliklər başlanğıc səviyyəli işçilərə olan tələbləri də dəyişir. Əsas bacarıq artıq Al ilə peşəkar alət kimi işləyə bilmək olur. Gələcəkdə bu bacarığın baza tələbinə çevriləcəyi gözlənilir.
Bununla belə, ekspert hesab edir ki, bu transformasiya karyera imkanlarını məhdudlaşdırmır, əksinə sürətləndirir və mütəxəssislərə daha tez mürəkkəb tapşırıqlara keçmək imkanı yaradır.
Romanova bildirib ki, şirkətlər hələlik bu modeli sınaq mərhələsində tətbiq edirlər. Bir çox təşkilat Al-ı işçi ixtisarından çox məhsuldarlığın artırılması vasitəsi kimi görür. Tam tətbiq üçün isə infrastruktur investisiyaları, proseslərin yenilənməsi və personalın təlimi tələb olunur.
Onun sözlərinə görə, gələcəkdə karyeranın başlanğıc mərhələsi də dəyişəcək və mütəxəssislər yalnız İİ-dən istifadə etməyi deyil, həm də onun iş prinsipini anlamağı bacarmalı olacaqlar.

