Berlində təhlükəli virus yayılmağa başlayıb

Bu gün, 11:08           
Berlində təhlükəli virus yayılmağa başlayıb
Əvvəllər yalnız cənub bölgələrində rast gəlinən təhlükəli Qərbi Nil virusu, görünür, Almaniyanın paytaxtı Berlində ciddi və uzunmüddətli şəkildə kök salıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşrinə istinadən Berlinin "Şarite" klinikasının alimləri məlumat yayıblar.

Mütəxəssislər 24 000 ağcaqanadı tutaraq tədqiq ediblər və məlum olub ki, 2023-cü ildə bu həşəratların 6%-ə qədəri törədicinin daşıyıcısı olub. Bu göstəricilər virusun müntəzəm olaraq xəstəliklərə səbəb olduğu Cənubi Avropadan əldə edilən rəqəmlərlə müqayisə edilə bilər.

Virusun təbiət qoruqlarında deyil, insanların sıx toplaşdığı yerlərdə - parklarda, qəbiristanlıqlarda və bağ sahələrində aşkarlanması xüsusi narahatlıq doğurur. Tədqiqatçılar ən çox yoluxmuş ağcaqanadları məhz bu ərazilərdə aşkar ediblər. Görünür, bu zonalarda yaşayan müəyyən quş növləri virusun yayılmasında əsas rol oynayır.

Yoluxanların əksəriyyətində xəstəlik simptomsuz keçir. Bununla belə, təxminən hər beş nəfərdən birində qripəbənzər simptomlar müşahidə olunur. İnsanların bir faizində isə vəziyyət real təhlükəyə çevrilərək meningitin inkişafına gətirib çıxarır. Yaşlı insanlar xüsusi risk qrupundadırlar.

Virusoloqların sözlərinə görə, Berlində yoluxanların real sayı açıqlanan rəqəmlərdən azı 100 dəfə çox ola bilər. İqlim dəyişikliyi səbəbindən xəstələnənlərin sayının gələcəkdə də artacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru