"İran ABŞ-nin birinci təklifini qəbul edəcək" - Politoloq

27-02-2026, 00:11           
"İran ABŞ-nin birinci təklifini qəbul edəcək" - Politoloq
"Bu danışıqlarda İran-ABŞ, həm də İsrail-İran münasibətlərinin taleyi həll olunur. Bildiyiniz kimi, ABŞ regiona kifayət qədər güclü hərbi qüvvə yerləşdirib və hər an İran dövlətinə hücum təhlükəsi var. Ancaq vəziyyəti nəzərə alaraq, yəqin ki, İran tərəfi müəyyən güzəştə gedəcək".

Bu fikirləri Cenevrədə keçirilən ABŞ-İran danışıqları haqqında Redaktor.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirdi.

O dedi ki, masada bir neçə məsələ var:

"Bunlardan birincisi İranın nüvənin zənginləşdirilməsi proqramından əl çəkməsidir. Bildiyiniz kimi, İran 60 faizə qədər zənginləşdirilmiş 450 kiloqramlıq nüvə materialı əldə edib. İkincisi İranın ballistik raketlərin istehsalı ilə əlaqədar proqramından əl çəkməsidir, üçüncüsü isə İranın proksi qüvvələrini dəstəkləməsidir. ABŞ-nin bu tələbləri var. İran böyük ehtimalla birinci təklifi qəbul edəcək, yəni zənginləşdirmə proqramından əl çəkəcək və belə deyək də, MAQATE-ni İranın zənginləşdirmə proqramının icra edildiyi laboratoriyalara buraxacaq. Bununla əlaqədar MAQATE-nin rəhbəri Qrossinin bəyanatı olmuşdu ki, bu gün həmin məhsuldan bizim xəbərimiz yoxdur. O biri tərəfdən də, bildiyiniz kimi, ABŞ ilə İran arasında hətta həmin 450 kiloqramlıq nüvə materialının üçüncü bir dövlətə, o cümlədən Rusiyaya təhvil verilməsi ilə bağlı müəyyən təkliflər və danışıqlar var. Ancaq ən maraqlısı odur ki, ABŞ-nin öz daxilində İrana hücumla bağlı yekdil fikir yoxdur. Belə ki, Trampın hərbi məsələlər üzrə köməkçisi olan general hesab edir ki, bu hücum çox uzunmüddətli olacaq, ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək və regionu çalxalayacaq. O biri tərəfdən isə başqa bir general, ABŞ-nin Avropa üzrə xüsusi nümayəndəsi olan qrup rəhbəri müharibənin labüdlüyü haqqında bəyanatlar verir və hücumun dərhal edilməsinin zəruriliyini vurğulayır. Yəni bu iki general arasında fikir ayrılığı var".

Müsahibimiz vurğuladı ki, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə İrana hücum edilməsini istəmirlər:

"Bunun regionda humanitar fəlakətə gətirib çıxaracağını, güc balansını dəyişəcəyini bildirirlər. Onlar ABŞ tərəfini bunu etməməyə çağırırlar. Hətta Misiri və İordaniyanı da bura daxil etmək olar. Artıq İordaniyadakı hərbi bazada ABŞ-yə məxsus böyük həcmdə hərbi potensial toplanıb. Bunlar F-22 və F-35 təyyarələridir. Ancaq böyük ehtimalla bu müharibə təhlükəsi reallaşmayacaq. Bununla belə, İsrail maraqlıdır ki, İrana məxsus nüvə obyektləri yenidən vurulsun, eləcə də İrana məxsus hərbi bazalar hədəfə alınsın. O biri tərəfdən də, bildiyiniz kimi, İran tərəfi ABŞ-yə məxsus, İran yaxınlığında yerləşən hərbi bazaların vurulması ilə bağlı bəyanatlar verir. Bunlar Qətərdəki, Səudiyyə Ərəbistanındakı və digər dövlətlərdəki bazalardır. Hətta Türkiyədəki bazaların vurulması ilə bağlı da bəyanatlar verilir. Artıq dünəndən İran hava məkanının, əsasən Xəzər dənizi istiqamətində, Azərbaycanla sərhəd hissəsində bağlanması ilə əlaqədar bəyanat verib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru