Və bu mühit Azərbaycanı addım-addım İran üçün potensial hərbi hədəfə çevirir.
Dünən, 17:27

ABŞ-ın Responsible Statecraft nəşrində dərc olunan “CNN Azərbaycanın İsrailin gizli hərbi tərəfdaşı olduğunu ifşa etdimi?” adlı məqalə region üçün ciddi siqnallar verir.
Əvvəlcə mənbə haqqında. Responsible Statecraft Vaşinqtonda yerləşən Quincy Institute adlı beyin mərkəzinin media platformasıdır. Bu qurum ABŞ-ın hərbi müdaxilələrini tənqid edən, diplomatiya və geosiyasi təmkin xəttini müdafiə edən analitik platforma kimi tanınır.
Məqalənin müəllifi Eldar Məmmədov keçmiş latviyalı diplomatdır. O, Vaşinqton və Madriddə işləyib, daha sonra Avropa Parlamentində fəaliyyət göstərib. Hazırda əsasən İran, Yaxın Şərq və Cənubi Qafqaz mövzularında yazır. Etnik baxımdan azərbaycanlı olsa da, Azərbaycan dövlətini təmsil etmir və yazılarında daha çox Qərbdəki “realist” məktəbin yanaşmasını ifadə edir.
Məqalənin əsas tezisi CNN-in yaydığı məlumatların təsadüfi olmadığıdır. Müəllifə görə, bu sızmalar Azərbaycan–İsrail münasibətlərinin gizli hissəsini üzə çıxarır və Bakının İran qarşısında manevr imkanlarını zəiflədir.
İddialara əsasən, İsrail İranla müharibə zamanı Azərbaycanın cənub bölgələrindən istifadə edib, burada xüsusi təyinatlı qüvvələr yerləşdirilib, dron əməliyyatları həyata keçirilib və İran ərazisinə qarşı fəaliyyətlər planlaşdırılıb. Rəsmi Bakı bu məlumatları qəti şəkildə təkzib edir.
Amma müəllifin diqqət çəkdiyi əsas məqam başqadır. O yazır ki, bu məlumatların ictimailəşməsi Azərbaycanın “inkar imkanını” aradan qaldırır. Yəni Bakı artıq əvvəlki kimi bu əlaqələri gizlədə və ya neytral mövqe nümayiş etdirə bilməz.
Bu isə birbaşa təhlükə yaradır.
Məqaləyə görə, əgər İran–İsrail qarşıdurması yenidən alovlansa, Tehran Azərbaycanı potensial hərbi hədəf kimi qiymətləndirə bilər. Bu, artıq fərziyyə yox, geosiyasi risk kimi təqdim olunur.
Belə yanaşma istər-istəməz Azərbaycan–İran münasibətlərini daha da gərginləşdirir. Azərbaycan regionda balans siyasəti yürütməyə çalışdığı halda, bu tip yazılar onu açıq şəkildə İran əleyhinə cəbhənin bir hissəsi kimi göstərir.
Nəticədə Bakı təkcə tərəfdaş yox, ön xətt aktoru kimi təqdim olunur.
Bu isə ən təhlükəli ssenaridir.
Çünki belə təqdimat regionda onsuz da kövrək olan balansı pozur və qarşılıqlı etimadı zəiflədir. Diplomatik manevr imkanları azalır, hərbi risklər isə artır.
Əgər sabah yeni münaqişə başlasa, bu tip narrativlər İranın reaksiyasını daha sərt edə bilər.
Belə məqalələr sadəcə analiz deyil.
Onlar siyasi mühit yaradır.
Və bu mühit Azərbaycanı addım-addım İran üçün potensial hərbi hədəfə çevirir.
Elbeyi Hesenli
TEREF

