"Yaradıcılığı yoxdur" deyib işdən çıxarmışdılar - Animasiya imperiyası qurdu
6-10-2025, 17:14

"Walt Disney" adını eşitməyən demək olar ki, yoxdur. O, təkcə “Mickey Mouse”, “Donald Duck”, “Snow White” və “Cinderella” kimi personajların yaradıcısı deyil, həm də xəyalları reallığa çevirən nadir insanlardan biridir. Bu ad milyonlarla uşağın və böyüklərin yaddaşında xoşbəxtlik, ümid və sehrlə sinonimə çevrilib. Lakin az adam bilir ki, bu parlaq imperiyanın arxasında illərlə davam edən uğursuzluqlar, borclar, xəyal qırıqlıqları və işdən çıxarılmalar dayanır.
Valyuta.az "Disney"in uğur hekayəsini təqdim edir:
O, bir vaxtlar “Kansas City Star” qəzetində karikaturaçı kimi işləyirdi. Lakin redaktor onu çox keçmədən işdən çıxarır və səbəb kimi “yaradıcılıq qabiliyyətinin olmamasını” göstərir. Bu qərar illər sonra tarixdə ironik bir fakt kimi qaldı. Çünki həmin “yaradıcılığı olmayan” gənc sonradan dünyanın ən böyük animasiya imperiyasını yaratdı.
Bəs "Disney" necə yaranıb?
"Disney"1901-ci ildə Çikaqoda doğulub və uşaqlığı ağır keçib. Atası Elias Disney sərt və avtoritar idi. Uşaqlıq illərində daim işləməli, çətin həyat şəraitinə dözməli olub, amma o, bütün bu reallıqdan qaçış yolunu rəsm çəkməkdə tapıb..
Birinci Dünya müharibəsi illərində yaşını gizlədərək ambulans sürücüsü kimi cəbhəyə yollanan Disney sonradan ABŞ-a qayıdıb animasiya sahəsində çalışmaq qərarına gəlib. İlk studiyası - Laugh-O-Gram qısa müddətdə müflis olub. Amma o, bu məğlubiyyətlə dayanmamaq qərarına gəldi və cəmi 40 dollarlıq büdcə ilə Los-Ancelesə yola düşdü.
Orada qardaşı Roy ilə birlikdə yeni bir studiya qurdu. İlk uğuru Oswald the Lucky Rabbit obrazı idi, lakin müqavilə problemlərinə görə o obrazın hüquqları əldən çıxdı. Disney isə tərk etdiyi Nyu-Yorkdan qayıdarkən qatarda yeni bir personaj yaratdı - Mickey Mouse.
Bundan sonra hər şey dəyişdi. “Steamboat Willie” adlı ilk səsli animasiya ilə Mickey fenomenə çevrildi. Ardınca “Snow White and the Seven Dwarfs” (1937) filmi ilə ilk tammetrajlı animasiya tarixə düşdü. Bu film həm tənqidçilərdən, həm də tamaşaçılardan böyük rəğbət qazandı.
Ancaq uğurların arxasında gərgin illər dayanırdı. Disney dəfələrlə iflasla üzləşmiş, animatorlarının tətilləri, borclar və xəstəliklərlə mübarizə aparmışdı.
1955-ci ildə isə onun ən böyük xəyalı gerçəkləşdi – Disneyland açıldı. Açılış günü texniki problemlərlə dolu olsa da, qısa müddət ərzində milyonlarla insanın sevimli məkanına çevrildi.
Walt Disney bir dəfə belə demişdi: “Həyatda qarşılaşdığım bütün çətinliklər, uğursuzluqlar və ağrılar məni daha da gücləndirdi. Bəzən bir zərbə, sənin üçün dünyanın ən yaxşı dərsi olur".

