"Böyük dövlətin tarixi sona yaxınlaşır: ABŞ barədə illüziyalar darmadağın oldu" - Yapon nəşri

Bu gün, 00:10           
"Böyük dövlətin tarixi sona yaxınlaşır: ABŞ barədə illüziyalar darmadağın oldu" - Yapon nəşri
Vaşinqtonun qlobal nüfuzu zəifləyir və dünya yeni geosiyasi mərhələyə daxil olur.

Moderator.az xəbər verir ki, bu barədə Yaponiyanın GOETHE nəşrində dərc olunan məqalədə deyilir.

Yazıçı Hiroyuki İtsuki və analitik Masaru Sato ABŞ-ın dünya siyasətindəki rolu və beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər barədə fikir mübadiləsi aparıb. Onların fikrincə, son illərdə ABŞ haqqında formalaşmış təsəvvürlər ciddi şəkildə dəyişib və dünya yeni geosiyasi mərhələyə qədəm qoyub.

"Dünya güc siyasətinə qayıdır"

Müəlliflər hesab edirlər ki, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki hadisələr və Donald Trampın yenidən hakimiyyətə qayıtması beynəlxalq münasibətlərdə yeni reallıq yaradıb. Onların fikrincə, böyük dövlətlər arasında rəqabət getdikcə daha sərt xarakter alır və beynəlxalq siyasət daha çox güc balansı üzərində qurulur. Masaru Sato bu vəziyyəti iri güclərin maraq toqquşması kimi qiymətləndirərək, ABŞ, Rusiya, Çin, İran və İsrail kimi dövlətlərin liderlərinin dünya siyasətinə həlledici təsir göstərdiyini bildirir.

"Amerika əvvəlki Amerika deyil"

Hiroyuki İtsuki qeyd edir ki, uzun illər ABŞ demokratiya, mədəniyyət, elm və həyat tərzi baxımından dünyaya nümunə kimi qəbul olunurdu. Lakin onun fikrincə, son on ildə bu imic ciddi zərbə alıb və Amerika artıq əvvəlki nüfuzunu itirib. Yazıçı hesab edir ki, ABŞ hələ də böyük dövlət olaraq qalır, lakin dünya ictimaiyyətinin ona münasibəti dəyişib. O, bunu "kənardan möhtəşəm görünən, amma daxilən köhnəlmiş nəhəng binaya" bənzədir.

Tramp və Amerikanın gələcəyi

Masaru Satonun fikrincə, Donald Tramp ABŞ-də yaranmış siyasi böhranın səbəbi deyil, nəticəsidir. O hesab edir ki, ənənəvi Amerika siyasi elitasının zəifləməsi Tramp kimi siyasətçilərin meydana çıxmasına şərait yaradıb və gələcəkdə də oxşar fiqurlar ortaya çıxa bilər. Müəlliflər həmçinin bildirirlər ki, ABŞ-nin qlobal nüfuzunun zəifləməsi Yaponiyada da ölkəyə münasibəti dəyişdirib. Onların qənaətincə, əvvəlki dövrlərdə ideal nümunə sayılan Amerika artıq əvvəlki cazibəsini xeyli itirib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru