Yerin əkizi tapıldı: Marsdan soyuqdur - DETALLAR

13-02-2026, 12:24           
Yerin əkizi tapıldı: Marsdan soyuqdur - DETALLAR
Astronomlar dünyamızla bir çox oxşar xüsusiyyətlərə malik ola biləcək “HD 137010 b” adlı, Yerə bənzər mümkün planet müəyyən ediblər. Lakin bir kəskin fərq var: o, Marsın daimi donmuş səthindən belə soyuq ola bilər.

Bu kəşf missiyasını 2018-ci ildə başa vuran NASA-nın Kepler Kosmik Teleskopu tərəfindən toplanmış məlumatların davamlı təhlili nəticəsində əldə edilib.

Həmin arxivi yenidən nəzərdən keçirən tədqiqatçılar təxminən 146 işıq ili uzaqlıqda Günəşə bənzər bir ulduzun ətrafında dövr edən və Yer kürəsindən bir qədər böyük olan qayalıq planetin izinə rast gəliblər.

“HD 137010 b” hazırda “namizəd” kimi təsnif edilir, yəni onun mövcudluğunu təsdiqləmək üçün əlavə müşahidələrə ehtiyac var. İlkin hesablamalar göstərir ki, o, bir dövrəsini təxminən bir ilə tamamlayır və bu da onu ulduzundan Yerlə Günəş arasındakı məsafəyə bənzər bir uzaqlıqda yerləşdirir.

Planet həmçinin ulduzunun “yaşayış zonası”nın (atmosfer uyğun olduğu təqdirdə, planetin səthində maye suyun mövcudluğuna imkan verən temperatur bölgəsi) xarici sərhədinə yaxın görünür. Günəş sistemimizdən kənarda yerləşən planetlər “ekzoplanetlər” adlanır. Əgər təsdiqlənərsə, bu dünya yaxınlıqdakı parlaq və Günəşə bənzər bir ulduzun qarşısından keçən, bir illik orbitə malik ilk Yer ölçülü ekzoplanet ola bilər ki, bu da onu növbəti tədqiqatlar üçün xüsusilə dəyərli hədəfə çevirir.

Ümidverici orbitinə baxmayaraq, planet Yerlə müqayisədə xeyli az istilik ala bilər. Alimlərin təxmininə görə, o, planetimizin Günəşdən aldığı istilik və işığın üçdə birindən də azını qəbul edir. Baxmayaraq ki, onun ulduzu bizim Günəşlə eyni spektral sinfə aiddir, “HD 137010” ulduzu daha soyuqdur və daha az işıq saçır.

Nəticədə “HD 137010 b”nin səthində temperaturmənfi 68 dərəcə Selsidən yuxarı qalxmaya bilər. Müqayisə üçün qeyd edək ki, Marsda orta temperatur təxminən mənfi 65 dərəcə Selsi təşkil edir. Bu isə o deməkdir ki, bu potensial Yer əkizi “Qırmızı planet”dən belə soyuq ola bilər.

“Namizəd” statusundan “təsdiqlənmiş” statusuna keçmək üçün astronomlar təkrar tranzitləri qeydə almalıdırlar. Tranzit – bir planetin bizim baxış bucağımızdan öz ulduzunun qarşısından keçərək kiçik bir tutulma yaratması və ulduzun işığını qısamüddətli zəiflətməsidir.

Bu hadisədə alimlər Keplerin uzadılmış “K2” missiyası zamanı yalnız bir “tranzit” müşahidə ediblər. Həmin hadisə zamanı planetin kölgəsinin ulduzun diski üzərindən keçməsi təxminən 10 saat çəkib (müqayisə üçün, uzaq bir nöqtədən baxıldıqda Yerin Günəş qarşısından keçməsi təxminən 13 saat çəkir). Tədqiqatçılar bu keçid müddətindən və sistemin kompüter modellərindən istifadə edərək planetin ehtimal olunan orbital dövrünü hesablayıblar.

Bu təkrarolunmaz aşkarlama qeyri-adi dərəcədə dəqiq olsa da, təsdiqləmə üçün eyni hadisənin müntəzəm fasilələrlə yenidən baş verdiyini görmək lazımdır. Bu isə asan olmayacaq. Planet Yerinkinə bənzər məsafədə orbitdə olduğu üçün tranzitlər yalnız ildə bir dəfə baş verir. Daha dar və qısa orbitli planetlər ulduzlarının qarşısından daha tez-tez keçirlər, bu da onları aşkar etməyi asanlaşdırır (Yer bənzəri orbitli ekzoplanetlərin aşkarlanmasının bu qədər çətin olmasının əsas səbəbi də budur).

Gələcəkdə təsdiqləmə NASA-nın TESS (Tranzit Ekzoplanet Sorğu Peyki) və ya Avropa Kosmik Agentliyinin CHEOPS (Ekzoplanetlərin Xarakterizə Edilməsi Peyki) vasitəsilə baş tuta bilər. Əks halda, astronomlar əlavə sübutlar toplamaq üçün daha təkmil kosmik teleskopları gözləməli olacaqlar.

Planet həddindən artıq soyuq olsa da, tədqiqatçılar “HD 137010 b”də daha mülayim şəraitin mümkünlüyünü istisna etmirlər. İqlim modelləşdirilməsi göstərir ki, karbon qazı ilə zəngin olan sıx bir atmosferlə planet maye suyun mövcudluğu üçün kifayət qədər istilik saxlaya bilər.

Atmosfer simulyasiyalarına əsaslanaraq komanda planetin “mühafizəkar” yaşayış zonasında yerləşmə ehtimalını 40%, daha geniş olan “optimist” yaşayış zonasına düşmə ehtimalını isə 51% qiymətləndirir. Eyni zamanda, onun tamamilə yaşayış zonasından kənarda orbitdə olması ehtimalı da yarıbayarıdır.

Tədqiqatın nəticələri 27 yanvar 2026-cı ildə “The Astrophysical Journal Letters” jurnalında dərc olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru