FİDE prezidentidə Aİ-nın sanksiyasına məruz qaldı - İstefa verdi
Bu gün, 16:26
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç vəzifəsinin icrasını müvəqqəti dayandırıb.
Bu barədə FİDE-nin mətbuat xidməti məlumat yayıb.
Buna Avropa İttifaqının Dvorkoviçi 21-ci sanksiyalar siyahısına daxil etməsi səbəb olub. O, qərarı qanunsuz və ədalətsiz adlandıraraq bütün mümkün hüquqi vasitələrlə ona etiraz edəcəyini bildirib.
Dvorkoviç qeyd edib ki, məhkəmənin yekun qərarınadək sanksiyalar FİDE-nin sabit fəaliyyətinə mane ola bilər. Bu səbəbdən o, təşkilatın maraqlarını nəzərə alaraq prezident səlahiyyətlərini könüllü şəkildə dərhal dayandırmaq qərarına gəlib.
FİDE-nin nizamnaməsinə əsasən, prezidentin səlahiyyətlərini müvəqqəti olaraq təşkilatın vitse-prezidenti, şahmat üzrə 15-ci dünya çempionu Vişvanatan Anand icra edəcək.
Qeyd edək ki, Arkadi Dvorkoviç 2018-ci ildən FİDE-nin prezidentidir. O, 2022-ci ildə keçirilən seçkidə ikinci dəfə bu vəzifəyə seçilmişdi.