Düzünü desək, dünyada iki fərqli Bosniya və Herseqovina var. Niyə?
Bu gün, 17:34

Bosniya və Herseqovina dünyada bənzəri olmayan mürəkkəb, desentralizasiya olunmuş (mərkəzsizləşdirilmiş) dövlət quruluşuna malikdir və faktiki olaraq "federasiya içində federasiya" modeli ilə idarə olunur. Bu struktur 1995-ci ildə etnik müharibəyə son qoyan "Deyton Sazişi" nəticəsində yaranmışdır. Ölkənin ərazi quruluşu üç əsas etnik qrupun (boşnaklar, serblər və xorvatlar) birgə yaşayışını təmin etmək üçün dizayn edilmişdir.
Ölkə vahid dövlət olsa da, daxildə kəskin şəkildə muxtar hissələrə (mütləq muxtariyyətlərə) bölünür:
1. Bosniya və Herseqovina Federasiyası (BHF) - əsasən boşnaklar və xorvatların yaşadığı bu hissə ölkə ərazisinin 51%-ni əhatə edir. Öz daxilində "federasiya" strukturuna malikdir və 10 muxtar kantona (əyalətə) bölünür. Paytaxtı Sarayevo.
2. Serb Respublikası (Republika Srpska - RS) - əsasən serblərin yaşadığı bu hissə ölkə ərazisinin 48%-ni təşkil edir. BHF-dən fərqli olaraq, mərkəzləşdirilmiş struktura malikdir və kantonlara bölünmür. Paytaxtı Banya Luka.
3. Brçko rayonu (ərazinin 1%-i) - iki subyektin arasında yerləşən, strateji əhəmiyyətli, özünüidarə edən xüsusi bir neytral zonadır (kondominium). Paytaxtı Brçko.
BHF-yə daxil olan 10 kantonun hər birinin öz konstitusiyası, parlamenti, hökuməti və daxili işlər nazirliyi var. Kantonların bəziləri tamamilə boşnak, bəziləri xorvat çoxluqludur, bəziləri isə qarışıqdır. Bu struktur xorvatların boşnak çoxluğu qarşısında öz mədəni və siyasi hüquqlarını qorumasına xidmət edir.
Bu modelin yaradılmasının əsas səbəbi 100 mindən çox insanın öldüyü qanlı vətəndaş müharibəsini bitirmək idi. Heç bir etnik qrup digərinin idarəsi altında yaşamaq istəmirdi. Bu mürəkkəb kompromis sülhü təmin etdi. Dövlət səviyyəsində hər üç xalq "təsisçi xalq" statusuna malikdir. Hər hansı bir qanun digər qrupun milli maraqlarına zidd olduqda, həmin qrup "milli maraqların qorunması vetosu" hüququndan istifadə edərək qanunu bloklaya bilir. Bu, çoxluğun azlığı əzməsinin qarşısını alır.
Lakin bu modelin əskikləri də var. Cəmi 3.2 milyon əhalisi olan ölkədə 1 dövlət başçısı (3 nəfərlik Rəyasət Heyəti), 2 subyekt rəhbərliyi və 10 kanton hökuməti var. Bu, ölkədə 13-dən çox baş nazir və yüzlərlə nazir deməkdir. Büdcənin böyük hissəsi məmurların saxlanmasına gedir. Etnik qrupların veto hüququndan tez-tez siyasi alət kimi istifadə etməsi mərkəzi hökumətin qərar qəbul etməsini iflic edir. Bu səbəbdən islahatlar çox ləng gedir.
Фуад Гулиев

