Qatil balinaların qeyri-adi davranışı alimləri təəccübləndirdi
Bu gün, 16:38

Alimlər Meksika sahillərində qatil balinaların qeyri-adi davranışını qeydə alıblar. Yırtıcılar nəhəng balıqları elə güclə toqquşdururlar ki, ovun cəsədi güclü hidrodinamik zərbədən parçalanır. Tədqiqatçılar bunun oyun forması və ya balaları öyrətmə üsulu ola biləcəyini ehtimal edirlər.
Bu barədə "The Guardian" "Frontiers in Ethology" nəşrinə istinadən məlumat yayıb.
2024-cü ilin iyul ayına aid videoyazılarda bir qatil balinanın cansız günəş balığını ağzında saxladığı, digərinin isə böyük sürətlə ona hücum edərək zərbə endirdiyi müşahidə olunur. Bu toqquşma nəticəsində ov çox sayda xırda hissəyə dağılır. Analoji hadisə 2025-ci ilin sentyabr ayında Kaliforniya körfəzi ərazisində də sənədləşdirilib.
Alimlər qatil balinaların balalarını yedizdirmək üçün balığı parçaladıqlarını ehtimal etsələr də, bunun sadəcə bir əyləncə ola biləcəyini də inkar etmirlər. Dəniz bioloqu Erik İgera qeyd edib ki, qatil balinalar sosial qəribəlikləri ilə tanınır. Belə ki, onlar dalğalarla oynayır, bir-birlərinə dəniz yosunları atır, hətta ölü qızılbalıqları başları üzərində bir növ papaq kimi daşıyırlar.

