İlon Maskın şirkəti 20 milyard dollar investisiya cəlb edib
8-01-2026, 16:08
İlon Maskın süni intellekt şirkəti "xAI" E seriyası investisiya turunda 20 milyard dollar vəsait cəlb edib.
Valyuta.az xəbər verir ki, raundda "Valor Equity Partners", "StepStone Group", "Fidelity", "MGX", "Baron Capital Group", "Qatar Investment Authority", eləcə də strateji investorlar kimi "Nvidia" və "Cisco" iştirak edib.
"xAI" bildirir ki, yeni vəsait məlumat mərkəzlərinin genişləndirilməsi və "Grok" modellərinin inkişafı üçün istifadə olunacaq.
Son dövrdə "Grok" ətrafında yaranan mübahisələr fonunda şirkət qeyd edir ki, platformada təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi prioritetdir. Məlumata görə, "xAI" hazırda Avropa İttifaqı, Birləşmiş Krallıq, Hindistan, Malayziya və Fransa səlahiyyətli qurumları tərəfindən araşdırılır.
Şirkətin açıqlamasında "X" platforması və "Grok"un aylıq təxminən 600 milyon aktiv istifadəçisi olduğu da qeyd olunub. Ekspertlər bu ölçüdə auditoriyanın idarə olunmasının əlavə risklər yaratdığını bildirirlər.