Nəhəng sualtı kabel layihəsi təhlükəsizlik baryerinə "ilişdi"

19-11-2025, 16:24           
Nəhəng sualtı kabel layihəsi təhlükəsizlik baryerinə "ilişdi"
"Meta" və "Google" uzun müddətdir üzərində çalışdıqları nəhəng sualtı internet kabeli layihələrində yeni gecikmələrlə üzləşir. "Meta"nın sözçüsü bildirir ki, bu vəziyyət müxtəlif əməliyyat amilləri, tənzimləyici narahatlıqlar və geosiyasi risklər səbəbindən yaranıb.

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

"Meta"nın 2020-ci ildə elan etdiyi 28 min millik "2Africa" sualtı fiber şəbəkəsi Afrika qitəsini dolaşaraq Avropa, Asiya və Afrikanı birləşdirməyi hədəfləyən nəhəng layihədir. Lakin şirkət Qırmızı dənizin cənub hissəsində kabel döşənməsi mərhələsində ciddi problemlərlə qarşılaşıb. Regional münaqişələr, təhlükəsizlik təhdidləri və yerli hökumətlərdən zəruri icazələrin alınmasındakı çətinliklər layihənin kritik hissəsinin hələ də tamamlanmamasına gətirib çıxarıb.

"Google"ın dəstəklədiyi "Blue-Raman" qitələrarası kabel sistemi də eyni bölgədəki problemlər səbəbindən gecikir. 2021-ci ildə elan olunan layihə Fransa, İtaliya, Hindistan, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və Oman kimi ölkələri birləşdirməklə 2024-cü ildə istifadəyə verilməyi planlaşdırırdı. Şirkət isə hələlik yeni bir zaman cədvəli açıqlamayıb.

Bu gecikmələrin arxasında ciddi təhlükəsizlik problemləri dayanır. İnşaat komandaları İran tərəfindən dəstəkləndiyi iddia edilən Husi qüvvələrinin raket hücumları səbəbindən dəfələrlə marşrutu dəyişməyə məcbur qalıb və işlər uzun müddət dayanıb. Telekommunikasiya şirkəti "Telegeography"nin tədqiqat direktoru Alan Moldin vəziyyəti belə izah edir: "Onlar yatırımlarını yalnız məlumat trafiki ilə gəlirə çevirə bilmirlər; həm də qısamüddətli ehtiyaclarını qarşılamaq üçün alternativ kabellər üzərindən tutum almağa məcbur qalırlar".

Digər layihələr təsirlənməyəcək

"Google" və "Meta"nın əvvəlcə açıqladıqları bəzi sualtı kabel xətləri isə bu gecikmələrdən təsirlənməyəcək.

"Google" Toqo ilə Avropanı Atlantik okeanı üzərindən birləşdirəcək yeni kabel üzərində işləyir.

"Meta" isə beş qitəni birləşdirməyi hədəfləyən və Qırmızı dənizdən keçməyən yeni bir sistem inşa edir.

Sualtı kabellərin riskli dünyası

Sualtı fiber kabellər dünyanın yüksək sürətli internet bağlantısının əsas dayağını təşkil edir. Lakin üstünlükləri ilə yanaşı, ciddi risklər də mövcuddur. Geosiyasi gərginliklərdən başqa, mövcud kabellər təbii fəlakətlər, ekstremal hava hadisələri və balıqçılıq kimi insan fəaliyyətləri səbəbindən zədələnə və ya qırıla bilər. "Meta" və "Google"ın yaşadığı gecikmələr qlobal internet infrastrukturunun nə qədər həssas olduğunu bir daha göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]