“Qazaxıstan səhralıqdır, məni öldürüb ora atsaydılar, kim tapıb yiyəlik edəcəkdi?!”
26-11-2025, 08:18
Müğənni Samirə Əfəndinin Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Ermənistan nümayəndəsinə 12 bal verməsi, daha sonra onunla qucaqlaşması ilə bağlı açıqlaması onu sosial şəbəkələrdə daha çox qınaq obyektinə çevirib.
Müğənninin prodüser Tarix Əliyevin (Tolik) “Tarixin bir günü” verilişində işlətdiyi ifadələr birmənalı qarşılanmayıb.
“Mən orada gedib düşmənçilik apara bilməzdim. Hələ özünüz də deyirsiniz ki, mən orada təkəm. Bəs mənim tək başıma orada oyun açsaydılar?! Qazaxıstan səhralıqdır. Öldürüb atacaqdılar, adını da qoyacaqdılar ki, avtoqəza olub. Kimin xəbəri olacaqdı? Kim mənə yiyəlik edəcəkdi?!”, – o açıqlamasında qeyd edib.
Özünü “qazi qızı” olaraq təqdim edən Samirə Əfəndinin “ermənilərdən qorxduğunu” ehtiva edən bu açıqlaması isə onun üzrünü günahından betər duruma salıb. Səhra dediyi Qazaxıstan isə türk ölkəsidir və ermənilərdən daha çox azərbaycanlıların özünü güvəndə hiss etdiyi bir dövlətdir.