"Apple"ı qorxudan təhlükə dalğası: Bir-bir gedirlər

26-11-2025, 11:28           
"Apple"ı qorxudan təhlükə dalğası: Bir-bir gedirlər
"Apple" bir tərəfdən baş direktor Tim Kukun təqaüdə çıxıb-çıxmayacağını müzakirə edərkən, digər tərəfdən də mühüm adları itirməyin şokunu yaşayır.

Valyuta.az xəbər verir ki, Mark Qurmanın “Power On” bülletenində verdiyi məlumata görə, "OpenAI" və keçmiş dizayn dahisi Coni Ayvın birgə təşəbbüsü son aylarda "Apple"ın avadanlıq mühəndisliyi qrupundan 40-dan çox əsas əməkdaşı işə cəlb edərək şirkəti çətin vəziyyətə salıb. "Apple"ın süni intellekt şöbəsindəki mühəndislərin, hətta “iPhone Air” layihəsinin bir dizaynerinin ayrılması ilə başlayan proses artıq kritik mərhələyə çatıb.

Bu isə "Apple"ın hazırkı və gələcək ən vacib texnologiyalarını inkişaf etdirmək üçün ehtiyac duyduğu əsas mütəxəssisləri itirməsi deməkdir.

Qurman deyir ki, bu işə qəbul dalğası Sem Altman və Coni Ayvın uzunmüddətli planının bir hissəsidir. İkilinin nəticələrini 2026-cı ildən etibarən görməyə başlayacağımız, estetik baxımdan diqqət çəkən yeni bir avadanlıq cihazları ailəsi hazırladığı bildirilir.

Yeni transferlər arasında "Apple"ın keçmiş sənaye dizayn rəhbəri Evans Hankey və keçmiş avadanlıq mühəndisliyi direktoru Tanq Tan kimi yüksəkvəzifəli adlar da yer alır. Bununla yanaşı, yalnız rəhbərlər deyil, Apple-ın müxtəlif səviyyələrdən çox sayda sıravi mühəndisinin də şirkətdən ayrıldığı görünür. "Apple"ın tanınmış dizaynerlərindən Abidur Çaudhri də ötən günlərdə şirkətdən ayrılaraq karyerasını bir süni intellekt startapında davam etdirməyə qərar verib.

Mənbələr bildirir ki, "Apple" "OpenAI"ın bu kadr keçidləri ilə bağlı addımlarından heç də məmnun deyil və bunu ciddi problem hesab edir. Şirkət kamera mühəndisliyi, "iPhone" avadanlığı, "Mac" avadanlığı, silikon çiplər, cihaz testi və etibarlılığı, sənaye dizaynı, istehsal və ağıllı saatlar kimi kritik sahələrdə əsas rəhbər, menecer və mühəndisləri itirir.

Bu cür yüksəkvəzifəli itkilər Stiv Cobs dövründəki məşhur bir xatirəni yada salır. Cobs həmin vaxt "Adobe" rəhbərlərindən Brus Çayzenə göndərdiyi mesajda "Adobe"nin "Apple"dan bir nəfəri işə götürdüyünü və daha çox əməkdaş axtardığını qeyd edərək belə demişdi: “Bizim işə götürənlər "Adobe"dən heç kimi işə almamaq prinsipinə əməl edir. Görünür, sizin fərqli bir siyasətiniz var. Bizdən biri bu siyasəti dəyişməlidir. Zəhmət olmasa həmin şəxsin kim olduğunu mənə bildirin".

Bu mesaj Cobsun kadrlarını qorumaqda nə qədər prinsipial olduğunu göstərirdi.

"Apple" rəqibləri qədər yüksək maaş təklif etməməsi ilə tanınır — xüsusilə də rəqib şirkətlər onun kadrlarını toplu şəkildə cəlb etməyə çalışanda. Bu səbəbdən şirkətin ən mühüm istedadlarını saxlamaq üçün kifayət qədər səy göstərməməsi, üst rəhbərliyin isə təqaüdə çıxması və ya istefa verməsi diqqətçəkən vəziyyət yaradıb.

"Apple" minlərlə əməkdaşa sahib olsa da, bu qədər qısa müddətdə bu qədər çox əsas mütəxəssisi itirməyə hazır deyil. Xüsusilə "Siri" komandası, qatlanan cihazlar və artırılmış reallıq eynəkləri kimi yeni məhsulların inkişafındakı mövcud problemlər nəzərə alınanda, "Bloomberg"in və digər mənbələrin yaratdığı bu mənzərə şirkətin gələcəyi barədə narahatlıq doğurur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]