Əhməd Cavadın nəvəsi Almaz Bağırovanın xatirələri
7-05-2026, 00:05

Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi, tərcüməçi Əhməd Cavadın nəvəsi Almaz Bağırova "Unikal"a açıqlama verib. O bildirib ki, babasının həbsindən sonra, atası da tutulub, nənəsi sürgünə göndərilib: "Bizim evin pəncərəsi Qız Qalasına baxırdı. Babam 1937-ci ildə tutulanda, atamın 20 yaşı var idi. Atam Niyazi Əhməd Cavadın böyük oğludur. Atam o zaman məktəbi qızıl medalla bitirmişdi, Texnologiya İnstitutunda ikinci kursda oxuyurdu. Azərbaycan, rus, gürcü, erməni dillərini yaxşı bilirdi.
Onlar (KQB işçiləri – red.) gələndə, evdə hər yeri axtarıb dağıtmışdılar. Nə qədər əlyazmalar var idisə, hamısını cırıb atmışdılar. Atam deyirdi ki, o əlyazmalardan bəzilərini küçədən tapa bilib. Ancaq bizdə bir ədəd sandıq var idi. Atam oturub onun üstündə ki, orada olan 1-2 əlyazmanı götürməsinlər.
Babam tutulandan sonra, atam əvvəlcə institutdan qovuldu. Dedilər ki, "xalq düşməni"nin oğlu institutda oxuya bilməz. Daha sonra həbs olunaraq Bayıl həbsxanasına salındı. O, 6 ay həbsdə qaldı. Sonra heç yerə gedə bilməmək şərtilə buraxıldı. O vaxt uşaqların hamısı körpələr evinə göndərilmişdi. Nənəmi də ALJİR-a (Akmolinskiy Laqer Jen İzmennkiov Rodinı, SSRİ-də repressiya qurbanlarının həyat yoldaşlarının saxlanıldığı, Qazaxıstanda yerləşən ən böyük qadın düşərgələrindən biridir) göndərdilər. Nənəmi ancaq 1946-cı ildən sonra sürgündən buraxdılar. Amma Bakıya girməsinə icazə vermədilər. Aydın əmimin yanında, Seyfəlidə qalırdı. Bakıya gələn kimi "donos" yazırdılar ki, Şükriyyə xanım gəlib. 1955-ci ilə qədər, yəni bəraət verilənə qədər qorxudan balkona da çıxa bilmirdik. Qonşular əllərində bıçaqla bizi gözləyirdi ki, "xalq düşməni"nin uşaqları balkona belə keçməməlidir".
Qeyd edək ki, Ə.Cavad 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, 1937-ci ildə sovet totalitarizminin qurbanına çevrilib. Bu gün görkəmli şairin doğum günüdür.
Anar Tağıyev
TEREF

