Əfqanıstan dağlarında SSRİ - nin başına nələr gəldi?
4-02-2026, 00:09

Əfqanıstan müharibəsi
1973-cü ilə qədər Əfqanıstan yaxın şərqdə indikindən qat-qat yaxşı yaşayan, normal cəmiyyətə malik bir ölkə idi. Düzdür, ölkədə radikal dindarlar var idi, amma onlar güclü monarx hökumətinin təsiri ilə sakit durmuşdular. Həmişə belədir, ölkə zəifləyən kimi dindarlar bu yandan çıxmağa başlayır.
1973-cü ildə nə baş verdi? O baş verdi ki, Monarx Zahir Şan devrildi və onun yerinə Məhəmməd Davud gəldi.
1978-ci ildə silahlı çevriliş olur (Aprel inqilabı) və Məhəmməd Davud öldürülür. Ölkədə faktiki olaraq monarxiya rejimi ləğv edilib Əfqanıstan Xalq Demokratik Respublikası elan edilir. Adından görünür ki, bu hakimiyyət SSRİ -ə bağlı idi, bütün bu işlərin başında elə mənfur kommunizm quruluşu dururdu. Karl Marksın "Kommunist manifesti"ndə ilk cümləsi budur.
"Avropanı bir kommunist kabusu dolanır". İndi isə bu kabus Asiyaya keçmişdi. Yəni Əfqanıstana...
Özü ilə həmişə qan, dəhşət və gerilik gətirən bir rejim Əfqanıstanı sonu görünməyən bir bataqlığa atdı.
Hakimiyyətə SSRİ - ə bağlı olan Nur Məhəmməd Təraki gəldi. Onun hakimiyyətə gəlməsindən sonra ölkədə SSRİ təbliğatı artmağa başladı. İki ölkə arasında əlaqələr genişləndi, hətta hərbi müşavirələr keçirilməyə başlayır.
Həmin ildə yavaş- yavaş ölkədə mərkəzi hakimiyyətə qarşı çıxışlar başlayır, ilk qığılcımlar görünür. Herat şəhərində 20 min nəfərin iştirakı ilə böyük bir mitinq başlayır.
1978-ci ilin dekabrında dostluq və əməkdaşlıq haqqında sovet-əfqan sazişi imzalanır. İlin sonlarından başlayaraq Pakistandakı qaçqın düşərgələrində hazırlıq keçən silahlı dəstələr Əfqanıstan ərazisinə göndərilir. Bu dəstələrin köməyi ilə 1979-cu ilin yanvarında ölkənin mərkəzi əyalətlərində hökumət əleyhinə silahlı qiyamlar başlayır.
Ölkədə vəziyyətin pisləşdiyini görən hökumət kömək üçün SSRİ- ni ölkəyə dəvət edir. Hər yerdə SSRİ- ni gözdən qoymayan ABŞ ölkədə baş verən üsyanlara yardım edirdi. Yəni, Əfqanıstanda hakimiyyət SSRİ tərəfdarlarına keçəndən sonra oradakı üsyanlara ABŞ və İngiltərə başçılıq edirdi.
Pakistanda təlim keçən minlərlə mücahid Əfqanıstan hakimiyyətinə qarşı mübarizəyə başladılar. Əlbəttə ki onların əqidəsi İslam olsa da əllərindəki silah ABŞ-ın idi və ona xidmət edirdilər.
Ölkədə vəziyyət pisləşəndən sonra prezident Nur Məhəmməd Təraki öldürülür və onun yerinə Hafizullah Əmin gəlir. O vaxt SSRİ rəhbəri Brejnev idi və göstərişi ilə SSRİ ordusu 1979-cu ildə Əfqanıstan sərhədini keçib ölkəyə daxil oldu. Bu müharibə tamamilə məxfi saxlanılırdı. Hətta Əfqanıstana göndərilən əsgərlər də müharibəni ancaq orada olandan sonra bildilər.
SSRİ rəhbərliyi bütün ölkəyə yalandan yaymışdı ki, guya Əfqanıstanda quruculuq- tikinti işləri ilə məşğuldur, yeni kommunist olan ölkəyə yardım edir, bir sözlə öz beynəlmiləl missiyasını yerinə yetirir.
Dağlıq ölkə olan Əfqanıstanda SSRİ demək olar ki, heç nə edə bilmədi. Hər yerdə əfqan mücahidləri minalar basdırıb ordunun irəliləməsinə mane olurdu. Onlar hər yerdə idi və böyük bir ölkənin ordusunu qorxuya salmışdılar.
Əfqanlar sovet əsgərlərinin olduğu düşərgələrə gecə ilə daxil olur, onların başını, qulağını kəsib aparır, dəhşətli bir mənzərə qoyub gedirdilər. İş o yerə çatmışdı ki, sovet əsgərlərində psixoloji problemlər yaranmışdı, onlar qayıdandan sonra da cəmiyyətə inteqrasiya ola bilmirdilər. Ölən əsgərlər gizlin şəkildə aparılıb basdırılırdı. 10 il ərzində Sovet- Əfqan müharibəsi geriyə minyonlarla qaçqın, viran qalmış bir ölkə, dağılmış şəhərlər qoydu. Bu müharibə nəticəsində 2 mln günahsız əfqan həlak oldu, 14 min sovet əsgəri isə öldürüldü.
Bəs sual edə bilərsiniz ki, SSRİ nə qazandı? Cavab heç nə. Heç bir üstünlüyə nail olmadı, günahsız əsgərlər öldü. Tamamilə məğlub olan SSRİ 1989-cu ildə Əfqanıstandan çıxdı. 2 ildən sonra isə dağıldı.
Osman Eminov.

