Biz və İrandakı son dalğa

20-01-2026, 00:05           
Biz və İrandakı son dalğa
İrandakı son proseslər rejimin yıxılacağı gözləntilərini maksimum həddə çatdırdı. Bu dalğa o qədər güclü idi ki, prosesin fonunda hər kəs gerçək siyasi motivlərinə müvafiq davrandı. Mən, əsasən, özümüzdən danışacam.
Böyük təəssüflə etiraf edim ki, ölkənin siyasi mühitində görünənlər içində səmimi şəkildə Güney Azərbaycanın istiqlaliyyətini istəyən və bunu ifadə etmək üçün heç kimdən icazə gözləməyən adamlar barmaq sayısı qədərmiş. Böyük əksəriyyət faktiki olaraq rejimin ayaqda qalması, İrandakı Azərbaycan türklərinin mübarizəyə qalxmaması üçün çalışdılar. Bunların içində, şübhəsiz, Rusiyaya işləyənlər və yaxud Rusiyaya işləməsə də Rusiyanın regionda yaratdığı status-kvo əsasında mövqelərini əldə etmiş adamlar var. Onlar iqtidarın da, müxalifətin də, ölkədən kənarda yaşayanların da içində var. Onlar Rusiyanın agenti olaraq daim İranda mövcud rejimi qəbul etmədiklərini desələr də rejimin qalması üçün və soydaşlarımızı mübarizədən çəkindirmək üçün işləyirlər. Çoxlarına bəllidir ki, rus agenturası həm də İran rejiminin maraqlarını müdafiə etməklə mükəlləfdilər.
Bir də heç mövqe bildirməyən siyasətçilər, ekspertlər, aktivistlər var. Onlar heç səslərini çıxartmadılar, bu haqda yazmadılar, danışmadılar. Anlaşılan odur ki, hər iki qisim indiki situasiyanın qalmasını istəyir, regionda hər hansı dəyişikliyin olmasına hazır deyil.
Mövqe bildirməyənlərin bir hissəsi işindən dolayı hadisələri sadəcə məlumat kimi verməklə kifayətləndilər. Digər hissəsi səmimi olaraq mühafizəkar düşüncəyə, siyasi islamçı şüura malikdilər. Onların içində İran hakimiyyətilə duyğu bağı olanlar var, amma onu göstərmək istəmirlər. Üçüncülər İran rejiminin əleyhinə getməkdən müxtəlif səbəblərə görə çəkinənlərdir. Bu çəkingənliklər şübhə yaradan məqamlardır. Biz bu şübhələrimizi iddiaya çevirə bilmərik, lakin mövqesizlik nümayişi və susqunluq özü bir göstəriçidir, əlamətdir və Azərbaycan xalqının milli maraqları baxımından qətiyyən müsbət hal deyil. Dördüncü qisim susanlar o adamlardılar ki, onlar rejimi birmənalı mürtəce sayır, lakin İran haqqında, oradakı soydaşlarımız və onların istiqlaliyyəti problemi haqqında ümumiyyətlə heç nə eşitmək istəmirlər. Liberal dəyərlərə malikdilər, lakin bu, şikəst liberallıqdır. Onlar Azərbaycanın Gürcüstan, Ermənistan kimi kiçik Cənubi Qafqaz dövləti olaraq qalmasını arzulayan, İranla bağlı “başımızı ağrıtmayaq, özləri bilərlər”, “Gürcüstanla, Ermənistanla bir yerdə Qafqaz Evi yaradıb Avrointeqrasiya edək” mövqeyində duranlardılar. Azərbaycanın İran mövzusundan tamamən kənar qalmasını istəyirlər. Lakin təbii ki, bu istəklə reallıq tamamən bir-birinə ziddir. Belə bir şey mümkünsüzdür, çünki: 1) İran böyük qonşumuzdur, 2) millətimizin böyük hissəsi ordadır. Doğrudur, onlar İrandakı soydaşlarımızı Azərbaycan Respublikasının “millət” (nation) sərhədlərində görmürlər, amma İranın dövlət ağlı görür və bizə münasibətini də bu baxışla qurur. Halbuki, biz bilməliyik ki, İran parçalanmadan Azərbaycanda de*mok*ra*tik nizamın qurulması və qurularsa da davamlılığı, onun güneyli soydaşlarımız üçün cəzbedici bir ölkəyə çevrilməsi mümkün deyil. Nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda davamlı, sabit və təhlükəsiz bir mütərəqqi nizamdan, onu təmin edəcək bloklardan söhbət gedə bilməz. Belə ki, Azərbaycansız Ermənistan və hətta Gürcüstan heç kimə lazım deyil. Azərbaycanın isə ən böyük sərhəddi İranla olub Rusiya və İranın məngənəsindədir. Cənubi Qafqaz üç böyük dövlətin arasında olduğundan bunların üçündə də dəyişiklik lazımdır. Hətta Türkiyə de*mok*ra*tik keçmişinə qayıtsa da bu, həlledici rol oynamır. Həlledici olan Rusiya ilə İranda dəyişiklikdir. Onların içində İran birinci yerdədir və onun dəyişməsi dedikdə zəruri olan onun parçalanması və bizim böyüməyimiz, yəni coğrafi balansda dəyişikliyin olmasıdır. Hətta hipotetik olaraq İranın bütöv qalması şərtilə de*mok*ra*tik islah olunacağını, Rusiyanın bu istiqamətdə dəyişəcəyini mümkün saysaq da Rusiya və İran tandeminin məhz Azərbaycanda de*mok*ra*tik nizama imkan verməyəcəyini bilməliyik. Ən azı Yeltsin dövründə Rusiyanın burada etdiklərini, indiki rus müxalifətin imperialist siyasi mədəniyyətin daşıyıcısı olmasını, İranın bütövlüyünə dayaq olan İrandaxili qüvvələrin eyni siyasi mədəniyyətə malik olmalarını və Azərbaycana münasibətlərini nəzərə almalıyıq. Ona görə də Cənubi Azərbaycan istiqlaliyyətini qazanmadan, Rusiya-İran tandemi pozulmadan Azərbaycan Respublikasının nəinki öz de*mok*ra*tik mirasına sahib çıxması, hətta suverenliyinin və müstəqilliyinin davamlılığı gözlənilmir.
Ümumi mənzərədə ölkəmizdə həm İrandan, həm də daxildə rejimə dəstək olanlardan ictimai rəyi manipulyasiya istiqamətində işbirliyi müşahidə olundu. Manipulyasiya o həddə şişdi ki, hətta İranı türk dövləti adlandırmağa qədər getdi. Az qala rejimi quranların, saxlayanların, idarə edənlərin, hətta dar ağacının sahiblərinin də soydaşlarımız olduğunu iddia etdilər. Biz indiyəcən soydaşlarımızı məzlum bilirdik, amma son 20 gündə bizim media tərs mövqe qoydu, bu mürtəce dövlətin məsuliyyətini soydaşlarımızın üzərinə yüklədi. Sən demə, bu onilliklərdə İran tərəfindən olan bütün düşməniliklər türkcə bir məktəbi də olmayan “türk dövlətindən” gəlirmiş. Bizim ictimai rəy üzərindən də Güneyli soydaşlarımız hədəfdə oldular. Manipulyasiyanın çox uğurlu predmeti vardı - Pezeşkian. İranda rejimin türk mənsublarından birini prezident etdilər. Sadə və təmiz türk kişisi təəssüratı yaradan Pezeşkiana soydaşlarımız üçün hər hansı bir iş (Urmi üçün, ana dilində təhsil üçün və s.) görmədən türkcə bir-iki şer və Azərbaycan haqqında bəzi xoş sözlər deməyə imkan verdilər. Bu bəsit populizmlə də mediada mütəmadi tufan qaldırdılar. Hətta onu da məcburiyyətdən etdilər, çünki həm öz vəziyyətləri, həm də Rusiyanın vəziyyəti pis idi. Amma bacardılar. Qeyd edim ki, Pezeşkianın repressiyaya haqq qazandırması və son mətbuat konfransındakı performansı ona ümid bəsləyənləri məyus etsə də rejimin nümayəndəsi kimi öz məsələsidir. Amma rejimə dəstək yürüşünü Təbrizdə keçirməsi soydaşlarımızı dünyaya rejimin sosial dayağı kimi göstərmək idi və bağışlanmaz xəyanət idi. Bununla rejimə qarşı ayağa qalxan farsların mütərəqqi mövqedə, türklərin isə mürtəce qüvvə kimi rejimin əsası olduğu mənzərəsi yaratdı. Bu, böyük xəyanət oldu.
Iranda dəyişikliklər qaçılmazdır, İranın parçalanması da qaçılmazdır. Iranın hakim rejimi hazırda “canlı ölü”dür. Burada qeyri-fars millətləri müstəqillik istəyirlər, farslar isə sadəcə rejimin dəyişməsini. Lakin istənilən halda orda xalqların hamısı de*mok*ra*tik nizam istəyir və bu, İranla yaxın-uzaq qonşuluqda olan, regionda heç bir ölkəyə, siyasi elitalara sərf eləmir. Iranın belə bir evolyusiya keçməsi heç birinin maraqlarına uyğun deyil və ona görə də bunu ləngitməyə çalışırlar. Ən azı Rusiyanın Ukrayna savaşından sonra özünə gəlib müdaxilə edə biləcəyi məqama qədər gözləyənlər də var. Bəzilərində belə bir əminlik var ki, Ukraynadakı savaşdan sonra Putin hakimiyyəti dəyişsə də, Qərblə və qonşu dövlətlərlə münasibətləri düzəltsə də, aydındır ki, imperialist hədəflərindən imtina etməyəcək (Yeltsin dövründə olduğu kimi) və İrandakı dəyişikliklərə imkan verməyəcək. Ona görə də bu proseslərin ləngiməsində maraqlıdırlar.
Qərbdə də İranın məhz indi parçalanmasını istəmədikləri göründü. Ölkə ilə bağlı nə qədər məlumatlı olsalar da həm daxildə, həm xaricdəki aktorların necə davranacaqlarını yoxlamağa ehtiyac vardı. Region dövlətlərinin birmənalı dəstəyini almadan prosesləri aparmaq mümkün deyil. Regional güclər rejimi qorudular və onun ABŞ tərəfindən vurulmasını ləngidə bildilər. Məhz ləngidə bildilər, çünki qarşıda bunun baş verəcəyi gözlənilir. Təbii ki, onların da hansısa hesablamaları var. Xüsusilə, ABŞ daxilində Trampın hakimiyyət məsələlərindən dolayı. Lakin nəzərə almaq lazımdır ki, İrana zərbə planlarını Tramp və ya onun administrasiyası yox, uzun müddətdən bəri ABŞ dərin dövləti ölçüb-biçir, planlayır.
28 dekabrdan başlayan son dalğa isə bütün maraqlı tərəflər üçün bir test oldu. Yəni hər şey və hər kəs test edildi: İran daxilində kim necə davranır, region dövlətləri, onların ictimaiyyəti necə davranır, kim nəyə hazırdır və s. Bu, həm də bizim üçün, Güneyli soydaşlarımız üçün, Güney Azərbaycanın istiqlaliyyətini istəyənlər üçün gerçək situasiya zamanı hər kəsin davranışının və həqiqi niyyətinin öyrənilməsi baxımından bir test oldu. Prosesin əsas aktiv tərəflərindən olan ABŞ və İsrail üçün isə xüsusilə deyə bilərik. Hazırda regionun gücləri əl-ələ verib rejimin vurulmasının qarşısını ala bildilər və bununla bağlı ortaq mövqe qoydular. Bəzi region ölkələrində İran tərəfindən mümkün vurulmanın fəsadları əsaslı narahatlıq doğursa da bu qəti mövqe kimlər üçünsə böyük risqlər gətirdi. Aydındır ki, Qərb artıq yaxın gələcəkdə region dövlətlərinin hakimiyyətləri ilə necə iş aparılacağı, hansına dəstəyin verilib-verilməyəcəyi, hətta hansılarda radikal dəyişikliklər ediləcəyi ilə bağlı qərarlar verəcək. Çünki bu proses göstərdi ki, İranın qonşuluğunda müəyyən dəyişiklilər olmadan, prosesdə rol ala biləcək aparıcı dövlətlərin məhz Qərbin yanında duracağından əmin olmadan İranın özündə nizam qurmaq ABŞ və müttəfiqləri üçün çətin olacaq. Ona görə də deyə bilərəm ki, region elitalarının bəziləri artıq təhdid obyektləridirlər.
İranda rejim artıq “koma” vəziyyətində olduğundan bir çox ekspertlər onun ən uzağı yaxın aylarda dəyişəcəyini gözləyirlər. Haqlıdılar. Çünki nəinki rejimin, bütövlükdə dövlətin legitimliyi, onun fəlsəfi, mənəvi, ideoloji əsasları dağılıb. Iqtisadi, sosial vəziyyətdən danışmağa dəyməz. Son repressiyalar, xüsusilə də qırğınların paytaxtda olması bu səndirləyən dövlətin başına hakimiyyətin özü tərəfindən yıxıcı qapaz oldu. Buna baxmayaraq, böyük ehtimalla Qərb ona “süni nəfəs” verməklə ömrünü 1-2 il uzatmağa çalışacaq. Haradasa 2028-ci ilədək. Çünki İranda dəyişiklik onun parçalanması deməkdir. İran zatən parçalanacaq. Amma necə və neçə hissəyə? Təbii ki, bu parçalanmanın müəyyən qlobal hədəflərə və regional təhlükəsizliyə müvafiq şəkildə getməsi üçün müdaxilə planlaşdırılır. Lakin İran rejiminin bütün qonşularla pis münasibətlərinə rəğmən region dövlətləri onu diplomatik müstəvidə Qərbin müdaxiləsinə qarşı bir qala kimi qoruyurlarsa, bu qalanı yarmalı olacaqlar. Yəni, müdaxilə üçün regionu arzuolunan kondisiyaya çatdırmadan rejimin dəyişməsi prosesinin daxildən xaotik şəkildə getməsini də istəməyəcəklər. 2028-dək Rusiyada, Türkiyədə, ilk növbədə Azərbaycan başda olmaqla Cənubi Qafqazda işləyəcəklər. Kiminlə necə işləyəcəklər və ya kiminlə bağlı hansı yolu tutacaqlar, onu görəcəyik.
Qısa da olsa Türkiyə, Türkiyənin bu proseslərdəki mövqeyi ilə bağlı bizdə yaranan narahatlıqlar, məyusluqlar haqqında rəyimi bildirmək istəyirəm. Qardaş Türkiyədə çox təbliğ olunur ki, İran parçalanarsa, ardınca Türkiyə parçalanacaq. Amma burada da əsas səbəb başqadır. Əsas səbəb İran kimi regionun güc mərkəzlərindən birində siyasi islamın məğlubiyyətidir. Çünki nə qədər İranla problemləri olsa da siyasi islamın İranda hakimiyyətdən getməsi ardınca Türkiyədə də siyasi islamın hakimiyyəti itirməsi deməkdir. Zatən Türkiyədə siyasi islam güclə ayaqda qalır.
Türkiyənin mövqeyinin bizdə yaratdığı narahatlığa gəldikdə isə bunun üçün əsas böyükdür. Türkiyə bizim qardaş dövlətimizdir, regionda dayağımızdır, o taylı-bu taylı millətimizin güvənc yeridir. Bir millət olaraq müstəqillik, suverenlik məsələlərində onun tutduğu mövqeyə son dərəcə həssas yanaşırıq və belə məqamlar tarixdə izini buraxır, yaddaşlardan silinmir. Digər yandan da hazırda Türkiyəni regionda çox güclü, aktiv oyunçu kimi görürük. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, Türkiyə Orta Şərqdə əsas aktor olsa da İran məsələsində situasiya fərqlidir. Biz Türkiyə ilə Azərbaycanı hərbi, demoqrafik, diplomatik və s. olaraq müqayisə edərək, son dövrdə Orta Şərqdə apardığı əməliyyatları da nəzərə alaraq gözləntilərimizi və İran məsələsində münasibətimizi qururuq. Nəticədə ciddi yanılırıq. Çünki İran məsələsində regionda əsas aktor Azərbaycan Respublikasıdır. Azərbaycan xalqının istəyi, Azərbaycan hakimiyyətinin apardığı siyasət əsasdır. İranla bağlı həm ölkə, xalq olaraq, həm də dövlət, siyasi hakimiyyət olaraq bizim oynayacağımız rol aparıcıdır və gələcək nəsillər qarşısında tarixi məsuliyyətimiz olacaq. Ona görə də biz, yaxşı olar ki, fokusu Türkiyə üzərinə yox, özümüzə yönəldək, özümüzü analiz edək və tələbləri özümüzdən edək.
Son olaraq, biz Güney Azərbaycanın istiqlaliyyəti üçün nəyə hazırlaşmalıyıq? Vizyonumuz nə olmalıdır? Öncə onu deyim ki, İrandakı rejim dəyişikliyini, soydaşlarımızın istiqlaliyyətini, Güney Azərbaycanın müstəqil və de*mok*ra*tik dövlət qurmasını istəməyindən, istəməməyindən asılı olmayaraq İranın parçalanacağı fikrini Azərbaycanda hər kəs qəbul etməlidir. Kimlər necə hazırlaşacaq, bilmirəm. Amma kimlərsə bunun baş verməməsi üçün çalışacaqlarsa, yəni axına qarşı gedəcəklərsə, uduzacaqlar. Istənilən halda, İranın parçalanması yaxın zamanlarda baş verəcək. Biz 5 hədəf istiqamətində hazırlaşmalıyıq:
1) Öz milli təhlükəsizliyimizi təmin etmək;
2) Güneyli soydaşlarımızın təhlükəsizliyini təmin etmək, canları və mallarını qarantiyaya almaq;
3) Güneyli soydaşlarımızın istiqlaliyyətinə nail olmaq;
4) İranın neçə yerə bölünməsi və Cənubi Azərbaycanın sərhədlərinin nədən ibarət olması istiqamətində milli maraqlarımızı müəyyənləşdirərək arzuolunan nəticəni əldə etmək;
5) İstiqlaliyyətini qazanacaq Cənubi Azərbaycanda dövlət quruluşunun əsasının qoymağa dəstək vermək.
Bu hədəflər istiqamətində işləmək bizim ən öncül vəzifəmizdir. Çünki İranla bağlı proseslərin həm axarı, həm də nəticələri bizim hamımızın taleyini müəyyənləşdirəcək, sadəcə Güneylilərin deyil. Hər hədəf özlüyündə kompleks iş tələb edir. Biz İrandakı, mühacirətdəki soydaşlarımızla, regional və qlobal aktorlarla, həmçinin İrandakı digər etnik qruplarla, xüsusilə də İranın qərb yarısında yaşayanlarla, onların mühacir qrupları ilə də işləməliyik.
Vəsilə Hacıyeva
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru