Süni intellekt şirkəti siyasi təşkilata 20 milyon dollar ayırır
Bu gün, 16:24

Süni intellekt şirkəti "Anthropic" ABŞ-da süni intellektin tənzimlənməsini dəstəkləyən siyasi təşkilata əlavə 20 milyon dollar ianə edəcəyini açıqlayıb. Şirkət bununla texnologiya siyasətinin formalaşmasında iştirakını gücləndirməyi hədəfləyir.
"Anthropic" bu vəsaiti süni intellekt sahəsində "əsas risklərin azaldılması" istiqamətində fəaliyyət göstərən "Public First Action" adlı siyasi təşkilata ayıracaq.
Bu, şirkətin cari ildə həmin təşkilata etdiyi ikinci böyük maliyyə dəstəyidir. Belə ki, "Anthropic" fevral ayında da "Public First Action"a 20 milyon dollar ianə etmişdi.
Bununla şirkətin təşkilata ayırdığı ümumi vəsait 40 milyon dollara çatıb.
Məlumata görə, bu addım süni intellekt sənayesinin ABŞ-da formalaşan siyasətə təsir imkanlarını artırmaq cəhdlərinin davamı hesab olunur. Hazırda federal hökumət süni intellekt sahəsinə nəzarətin genişləndirilməsi imkanlarını nəzərdən keçirir.
Eyni zamanda, ABŞ-ın bir sıra ştatlarında bu sahəni tənzimləyən qanunlar artıq qəbul edilib, digərlərində isə müzakirələr davam edir.
Qeyd edək ki, "Public First Action" ötən ilin sonlarında ABŞ Konqresinin iki keçmiş üzvü tərəfindən yaradılıb və süni intellektin tənzimlənməsini dəstəkləyən mövqeyi ilə seçilir. Təşkilat bu baxımdan sərt tənzimləmələrə qarşı çıxan "Leading the Future" qrupuna alternativ hesab olunur.

