Paşinyanın NATO manevri Rusiya ilə “körpüləri” yandırır: - Bakı-Tiflis-İrəvan formatı Qafqazı “qapalı regiona” çevirir

5-03-2026, 00:07           
Paşinyanın NATO manevri Rusiya ilə “körpüləri” yandırır: - Bakı-Tiflis-İrəvan formatı Qafqazı “qapalı regiona” çevirir
Azərbaycanın enerji resursları Cənubi Qafqazda geopolitik reallığı təyin edən əsas geoiqtisadi faktora çevrilir, Ermənistanla yekun sülh sazişi hələ imzalanmasa da, iki ölkə arasında iqtisadi-ticari mexanizmlər artıq işləməyə başlayıb... Rəsmi İrəvanın regional təhlükəsizlik məsələlərini NATO çərçivəsində müzakirə etməyə çalışması isə faktiki olaraq, Ermənistanın öz hərbi doktrinasını “Rusiyasız Qafqaz” mərhələsinə uyğunlaşdırmağa hazırlaşdığını biruzə verir...
Ermənistanın Qərbə yaxınlaşmaya, Rusiyadan uzaqlaşmaya və regional praqmatizmə bağlı siyasi kursu Cənubi Qafqazda yeni geopolitik situasiyanın əsas təzahürləri sırasına daxildir. Son vaxtlar baş verən hadisələr də bunu birmənalı şəkildə təsdiqləyir. Belə ki, Ermənistan bir tərəfdən Polşa ilə hərbi-texniki əməkdaşlıq sazişi imzalayıb. Digər tərəfdən, NATO ilə təmaslarını açıq-aşkar dərinləşdirir. Kreml isə Ermənistan vətəndaşlarının Rusiyaya giriş qaydalarını daha da sərtləşdirib.

Eyni zamanda, Gürcüstanın regional vasitəçilik rolunun da artmaqda olduğu müşahidə edilir. Azərbaycanın enerji resurslarının Ermənistan bazarındakı təsiri isə önəmli bir prosesin başlanğıcından xəbər verir. Bütün bunları nəzərə aldıqda, rəsmi İrəvanın xarici siyasət kursunda struktur dəyişikliklərinin baş verdiyi qətiyyən şübhə doğurmur. Və bu proseslər yalnız ikitərəfli münasibətlərə deyil, həm də bütövlükdə regionun təhlükəsizlik arxitekturasına birbaşa təsir edə biləcək geopolitik dinamikanın mövcud olduğunu göstərir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan üçün Varşavada imzalanmış saziş Ermənistanın Avropanın təhlükəsizlik platformasına yaxınlaşması baxımından, yeni şans kimi dəyərləndirilir. Ona görə də, Polşa-Ermənistan hərbi-texniki əməkdaşlıq sazişi həm də rəsmi İrəvan üçün strateji xarakter daşıyan sənəd hesab olunur. Üstəlik, həmin sənədin Varşavada, məhz iki ölkənin baş nazirləri tərəfindən imzalanması diplomatik protokol çərçivəsini aşır və siyasi mesaj xarakteri daşıyır.

Məsələ ondadır ki, Polşa hazırda Rusiyanın “hərbi-siyasi düşməni” olan NATO-nun şərq cinahının əsas hərbi-strateji dayaqlarından biridir. Ona görə də, Polşanın Ukrayna müharibəsindən sonra Avropanın təhlükəsizlik sistemində ön planda yer alacağı ehtimal olunur. Bu baxımdan, rəsmi İrəvanın Polşa ilə hərbi-texniki əməkdaşlığı Ermənistanın NATO standartlarına növbəti yaxınlaşma cəhdi deməkdir. Yəni, rəsmi İrəvan Rusiyanın hərbi infrastruktur sistemindən uzaqlaşmağa və Ermənistanın müdafiə sektorunu Qərb modelinə uyğunlaşdırmağa çalışır. Və bu baxımdan, Polşanın baş naziri Donald Tuskun “Ermənistanın Avropa yolunu seçməsi” barədə bəyanatı rəsmi İrəvanın geopolitik istiqaməti ilə bağlı açıq mesaj xarakteri daşıyır.

Təbii ki, bütün bunlara paralel olaraq, Ermənistan ordusunun baş qərargah rəisinin NATO-nun Birləşmiş Qüvvələr Komandanlığına səfəri də qətiyyən təsadüfi deyil. Çünki NATO ilə müzakirələrdə “hərbi-siyasi transformasiya”, “regional təhlükəsizlik” və “hərbi tərəfdaşlıq mexanizmləri” kimi anlayışların xüsusi olaraq, vurğulanması rəsmi İrəvanın müdafiə konsepsiyasında ciddi sistem dəyişikliklərinə işarə edir. Və regional təhlükəsizlik məsələlərinin NATO çərçivəsində müzakirəsi faktiki olaraq, Ermənistanın öz hərbi doktrinasını “Rusiyasız Qafqaz” mərhələsinə uyğunlaşdırmağa hazırlaşdığını biruzə verir.

Təbii ki, Kremldə rəsmi İrəvanın atdığı son addımların Ermənistanın Rusiyadan tamamilə qoparılmasına hesablandığını yaxşı anlayırlar. Ona görə də, Rusiya siyasi dairələri müxtəlif istiqamətlər üzrə Ermənistanı təhdid edir, rəsmi İrəvana təzyiq göstərməyə çalışır. Belə ki, Ermənistan müstəqillik dpvründə Kremlin patronajlığı altındakı KTMT-nin üzvü kimi, Rusiyanın “təhlükəsizlik çətiri” altında olub. Yəni, enerji sahəsində olduğu kimi, hərbi sektorda da Rusiya ilə sıx inteqrasiya edərək, asılı vəziyyətə düşüb. Və digər asılılıq faktorlarını da nəzərə aldıqda, Rusiyanın Ermənistana qarşı kifayət qədər ciddi təzyiq mexanizmlərinin olduğu qətiyyən şübhə doğurmur.

Ancaq Kreml üçün Cənubi Qafqazda mövcud olan problemlər yalnız Ermənistanın Rusiyadan uzaqlaşma cəhdləri ilə məhdudlaşmır. Belə ki, Cənubi Qafqazda “regional intqerasiya körpüsü” Kremlin geopolitik maraqlarını böyük risk altında buraxır. Çünki son vaxtlar Gürcüstan da regional vasitəçi statusuna iddia edir və geoiqtisadi platforma rolunu oynamağa çalışır. Bu baxımdan, həm Ermənistan və Gürcüstan baş nazirlərinin Tiflisdə geostrateji münasibətləri müzakirə etməsi, həm də Azərbaycan və Ermənistan arasında iqtisadi-ticari əlaqələrin yaranması olduqca böyük önəm daşıyır. Çünki bu, Gürcüstanın vasitəçiliyi ilə Cənubi Qafqazda Bakı-Tiflis-İrəvan formatı üzrə yeni regional əməkdaşlıq modelinin formalaşmaqda olduğunu göstərir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın enerji resursları Cənubi Qafqazda artıq geopolitik reallığı təyin edən əsas geoiqtisadi faktora çevrilməyə başlayıb. Belə ki, Azərbaycanın neft məhsullarının Ermənistan bazarında qiymətləri aşağı salması və bunun Paşinyan hakimiyyəti tərəfindən rəsmi səviyyədə etiraf olunması xüsusi önəm daşıyır. Çünki Azərbaycan-Ermənistan yekun sülh sazişi hələ imzalanmasa da, iki ölkə arasında iqtisadi-ticari mexanizmlər artıq işləməyə başlayıb. Əgər, əvvəllər Ermənistan üçün Rusiya əsas enerji təminatçısı idisə, indi alternativ mənbələr regional balansı dəyişir.

Təbii ki, bu, həm də Ermənistanın geoiqtisadi müstəvidə tədricən daha çevik modelə keçməkdə olduğunu göstərir. Yəni, Ermənistanın klassik “Rusiya orbitli dövlət” modelindən uzaqlaşaraq, balanslaşdırılmış, ancaq açıq şəkildə regional qonşularla iqtisadi-ticari inteqrasiya və Qərbə yaxınlaşma strategiyası qurmağa çalışır. Və rəsmi İrəvanın bu strategiyasının yaxın gələcəkdə Rusiyanın radikal reaksiyasına səbəb ola biləcəyi də qətiyyən istisna deyil.

Göründüyü kimi, Ermənistan hazırda taleyüklü geopolitik və geostrateji seçim mərhələsindədir. Rəsmi İrəvan Qərbə inteqrasiyanı sürətləndirməyə, Rusiya ilə məsafəni daha da açmağa və Azərbaycanla iqtisadi-ticari praqmatizmi təmin etməyə cəhd göstərir. Ancaq bütün bu proseslərin davamlılığı böyük ehtimalla Ermənistanda ölkədaxili siyasi sabitlikdən və Rusiyanın verəcəyi reaksiyasının sərtlik dərəcəsindən asılı olacaq. Və bu, o deməkdir ki, Cənubi Qafqaz artıq yeni təhlükəsizlik və geoiqtisadi arxitekturanın formalaşma mərhələsinə daxil olub.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru