"Volkswagen"dən 7.4 milyard avroluq satış
Bu gün, 16:44

Alman avtomobil nəhəngi "Volkswagen" strateji portfelinin sadələşdirilməsi çərçivəsində mühərrik və enerji sistemləri istehsal edən törəmə şirkəti "Everllence"in 51 faiz nəzarət paketinin ABŞ mərkəzli özəl investisiya şirkəti "Bain Capital"a satılması barədə razılığa gəlib.
Şirkətin rəsmi açıqlamasına əsasən, 51 faizlik səhm paketinin ötürülməsi və əməliyyatdan sonra üzərinə götürüləcək borclar da daxil olmaqla, müqavilənin ümumi həcmi təxminən 7,4 milyard avro təşkil edir. "Volkswagen" satışdan sonra da "Everllence"in 49 faiz səhmlərini əlində saxlayacaq və orta müddətli perspektivdə strateji tərəfdaşlığını davam etdirəcək.
Əvvəllər "MAN Energy Solutions" adı ilə fəaliyyət göstərən və 2018-ci ildə "Volkswagen" qrupunun tərkibinə daxil edilən "Everllence" dənizçilik, energetika və sənaye sektorları üçün hərəkətverici sistemlər, dekarbonizasiya və səmərəlilik həlləri təqdim edir.
Bildirilib ki, 2026-cı ilin may ayının sonuna olan məlumata görə, "Everllence"in "Volkswagen"in maliyyə balansındakı kitab dəyəri təxminən 3,4 milyard avro olub. Satışın həyata keçirilməsi ilə "Volkswagen" aktivin balans dəyərindən xeyli yüksək məbləğdə vəsait əldə etmiş olacaq.
Yeni tərəfdaşlıq strukturu çərçivəsində "Everllence"in xüsusilə qlobal dənizçilik, məlumat mərkəzləri və enerji sektorlarında böyümə strategiyalarının sürətləndirilməsi nəzərdə tutulur.
Müqavilənin sosial və əməliyyat hissəsində işçilərin qorunmasına yönəlmiş mühüm müddəalar da yer alıb. Razılaşmaya əsasən, "Everllence"in Almaniyadakı mövcud istehsal müəssisələri ən azı 2030-cu ilin sonunadək fəaliyyətini dəyişmədən davam etdirəcək.
Bundan əlavə, həmin müddət ərzində şirkətdə məcburi ixtisarların aparılmayacağı öhdəliyi də götürülüb.

