"BlackRock" rəsmisi: "Bitcoin" üçün ən böyük rəqib süni intellektdir"

Bu gün, 16:24           
"BlackRock" rəsmisi: "Bitcoin" üçün ən böyük rəqib süni intellektdir"
"BlackRock"un rəqəmsal aktivlər bölməsinin rəhbəri Robbi Mitçnik hesab edir ki, son dövrlərdə süni intellekt sahəsinə yönələn güclü investor marağı kriptovalyutalara tələbatın azalmasının əsas səbəblərindən biridir.

Mitçnik bu barədə "Yahoo Finance"ə müsahibəsində danışıb.

Onun sözlərinə görə, ötən ilin oktyabr ayından etibarən "Bitcoin" və ümumilikdə kriptovalyuta bazarı çətin dövr yaşayır. Bunun əsas səbəblərindən biri investorların vəsaitlərini sürətlə süni intellekt şirkətlərinə yönəltməsidir.

"Süni intellekt bazardakı bütün diqqəti öz üzərinə çəkib. Bu, təkcə kriptovalyutalara aid deyil. Qızıl, gümüş və ABŞ səhmləri də bundan təsirlənib. Hazırda Wall Street investorlarının marağı demək olar ki, tamamilə süni intellekt mövzusuna yönəlib. Hazırda "Bitcoin" üçün ən böyük rəqib süni intellektdir. Son həftələr "Bitcoin ETF"lərindən müşahidə olunan iri həcmli çıxışların səbəblərindən biri də məhz budur", - deyə Mitçnik bildirib.

Bununla belə, "BlackRock" rəsmisi uzunmüddətli perspektivdə "Bitcoin"in üstün mövqeyini qoruyacağını düşünür.

Onun fikrincə, ABŞ-ın sürətlə artan dövlət borcu, büdcə kəsirləri və gələcəkdə pul kütləsinin genişləndirilməsi "Bitcoin" üçün mühüm dəstək amilləri olaraq qalacaq.

"Qısamüddətli dövrdə süni intellekt "Bitcoin"i kölgədə qoya bilər. Lakin uzunmüddətli perspektivdə "Bitcoin"in daha güclü investisiya hekayəsinə sahib olduğunu düşünürəm", - deyə Mitçnik əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru